dƏLİnin dəftərçəsi

Siqaret çəkməyin yaxşı və ya pis bir şey olduğu haqqında çox düşünürdüm. Hər mövzuda olduğu kimi, bu mövzuda da həmişə suallarla həmsöhbət olurdum. Bir yandan yerində olmaq istədiyim siqaret çəkən insanlar, bir yandan «ağlın varsa, siqaret çəkmə» deyən narkomanlar, bir yandan «siqaret çəksən, atan səni öldürər» deyən anam, daha kimlər, kimlər sualların yaranma səbəbi idi. Hər nə isə, bu gün yenə dərsdən çıxanda köşkdəki siqaretlərə baxıb həmişəki kimi yanından keçdim. Əslində evə getməli idim. Buna lənətəgəlmiş dərslər vadar edirdi. Qulaqcıqdan ətrafdakı səsləri eşidə bilmirdim. Birdən kiminsə «Əli…Əli…» çağırdığını hiss etdim və sağ qulağımdakı qulaqcığı çıxarıb siqaret çəkən dostumun yanımda dayandığını gördüm. Mənə baxıb gülümsəyirdi. Sağollaşıb ayrıldıq. Marşrut gəldi. Qapı açıldı. Lakin bir addım geriyə çəkilərək sürücüyə minməyəcəyimi bildirdim.

Tez-tez yerlərini dəyişirdilər. Bir skamyanın qarşısından o biri skamyanın qarşısına uçurdular. Və hər dəfə uçmaq istəyən zaman qanadlarını bədənlərindən düşünmədən ayırırdılar. Saçları ağarmış yaşlı nənə isə əlindəki şirniyyat tikələri ilə onları yedizdirirdi. Bu azadlıq idi…Əslində mən də onları cəmiyyətimizin zibillərindən hesab edirdim. Hər gün insanların qarşısını kəsmək, onları narahat etmək, hətta bəzilərinin qorxmağına səbəb olmaq düzgün bir şey kimi gəlmirdi. Amma bu gün fərqli düşünürdüm. Səhər gün ərzində nələr yaşanacaqları düşünərək evdən çıxmırlar, istədikləri küçədə, istədikləri məkanlarda sərbəst gəzirlər. «Ay bala, sənin valideynin yoxdur?» sualı ömürlərində onlara ünvanlanan yeganə sual olur. Bu azadlıq idi…O, hətta gün ərzində bir şeyi yüzlərlə, təkrar-təkrar etsə də, etdikləri başqalarının zövq alması üçün olsa da, bunu özü edirdi. Eynilər, eynilər, yenə eynilər, amma o bezmirdi. Bezmirdi. Bu azadlıq idi.

Mən isə tam fərqli. Hər gün qəlbimdə fərqli sıxıntılar bəsləyirdim. Yerə basdığım hər addımda məni izləyən gözlər gəlir gözümün qabağına. İnsanlardan uzaqlaşmağımın və daha da çox nifrət etməyə çalışmağımın məni uçuruma apardığının fərqindəydim. Azadlıq? Azadlığın isə hələ nə olduğunu, hardan başladığını, harda sərhədlənməli olduğunu dərk edə bilmirdim. Bir göyərçin, bir dilənçi qız və bir fontan qədər də deyildim.

Gözlərim axırdı. Yorğun idim. Fikrim dağılmışdı. O tərəf bu tərəfə baxırdım. Birdən mənə nəsə oldu. Sanki yuxuda olan zaman kimsə məni bərk silkələyərək oyatdı. Diksindim. Səbəb isə qarşımda gördüyüm mənzərə idi. Mənə baxırdı. Mən isə gözlərimi ona zilləyib heç kirpiklərimi belə tərpətmirdim. «Bu odur?» Yox, yox, o deyil. Axı o, bu gün dərsə gəlməmişdi. Dərs olmayan gün isə burda görünməsi normal bir şey deyildi. Qətiyyən, o deyil. Amma…Amma o gözlər, o qaşlar, saçları, dodaqları, hətta baxışı belə eynidir. Dərindən nəfəs aldım. Nəsə, elə bil, içimdə qorxu var idi. Nəbzim tez-tez vururdu. Oturduğum skamyadan qalxıb ona tərəf addımladım. Hiss edirdim ki, o da nələrinsə baş verdiyini anlayıb. Və həyəcanlanır. Əlini çantasına aparır, gözünün üstünə düşən saçlarını əli ilə yığışdırırdı. Onun yanında əyləşdim. Üzüm ona tərəf. O da mənə tərəf çevrildi. Dinməzcə bir-birimizin gözlərinin içinə baxırdıq. Uzun sürən sakitlikdən sonra o dilləndi:

-Siz kimsiniz?

-Mən Əliyəm.

O, heç nə anlamırdı. Mən isə şokda idim. Ona hər şeyi danışdım. Ondan mənə kömək etməyini istədim. İçim nifrətlə dolub daşırdı. O isə cavabında belə dedi:

-Heç adımı soruşmadın?!

Gülümsədim.

-Aişə.

Parkdan ayrıldıqdan sonra evə gəldim. Yenə məni fikir aparmışdı. Etdiyim hərəkəti fikirləşirdim. Görəsən, düzgün etmişdimmi? Suallar çoxalırdı. Bəlkə, o mənim dəli olduğumu düşünüb yolaverirdi? Amma belə olsa idi, day öz nömrəsini niyə verirdi. Bəlkə, elə onun məndən xoşu gəldi. Amma xoşu gəlsəydi, razı olmazdı. Axı mən ona hər şeyin bir oyundan ibarət olduğunu dedim. Bəlkə, onun taleyi mənimkinə oxşardı? Bilmirəm. Hər şey ola bilər. Amma əsas olan odur ki, o, mənimlə bu oyunu oynamağa razılıq verdi. Tezliklə universitetə gedib Aişəni İlahə ilə üzbəüz gətirmək istəyirdim.

Səhər açıldı. Bu gün digər sabahlardan fərqli oyanmışdım. Saat hələ 06:30 idi. Dərs isə 08:30-da başlayır. Bu o deməkdir ki, hələ hazırlaşmağa çox vaxt var. Hər gün dərsə yarım saat qalmış oyanıb, paltarını geyinib dərsə qaçan Əli, bu gün əməlli-başlı hazırlaşırdı. Nə isə, Aişə ilə danışıb metronun çıxışında görüşdük. Əl-ələ tutub universitetin həyətinə daxil olduq. Və aramızda bir az söhbət keçdi:

-Aişə, təklifimi qəbul etdiyin üçün bir daha təşəkkür edirəm. Sənin yerində kim olsaydı, tanımadığı biri üçün bu yaxşılığı etməzdi.

-Bir şey deyil, Əli.

-Gedək mənim ilə fakültəyə. Bir az birlikdə gəzək fakültədə. Hamı bizi görsün. Və nəhayət, İlahə gördükdən sonra isə sağollaşıb ayrılarıq. Sən evə gedərsən. Bu arada onu deyim ki, mən dərsə girməliyəm. Müəllimlə aram heç də yaxşı deyil. Dərsə davamiyyətim zəif olduğu üçün kişi məni qaralayıb. Səni tək qoyacağım üçün üzrlü say.

-Əli, sən nə danışırsan? (gülür). Dünən evə tez getdin. Bir imkan verdin ki, özümü yaxşı tanıdım. Mən də universitetdə oxuyuram, filologiyada. İlahə bizi gördükdən sonra mən də elə dərsə gedərəm.

-aaa, demək, sən də bu ölmüş ruhlar məmləkətində oxuyursan? Lap yaxşı. Bax bu əla oldu.

Onun əlindən elə tutmuşdum, əlini elə bərk-bərk sıxırdım ki, sanki bu saat əlimi buraxıb qaçacaq. Çox həyəcanlı idim. O da bunu hiss edirdi. Nəhayət, fakültəyə qalxdıq, həyəcandan əllərim əsirdi. Koridorda yeridikcə gözüm otaqlarda İlahəni gəzirdi. Artıq uşaqlar da yavaş-yavaş gəlirdi. Onlar gördüklərinə inanmırdılar. Əli və yanında başqa xanım? Bəs bu qədər deyilənlər, yaşanılanlar? Bəs İlahə? Mən uşaqlara həqiqəti danışırdım. Onlar bunun bir zarafat olduğunu düşünürdülər. Birdən ən yaxın olduğum qrup yoldaşım mənə gözləri ilə kimisə işarə etdi. Aişə və mən həmin tərəfə döndük. Və…İlahə. Onu qarşımda, Aişə ilə üzbəüz görəndə öz-özümə «yes, oyun baş tutdu» dedim. İlahəyə bu cür nifrət etdiyim üçün özümlə fəxr edirdim. İlahənin gözündə o təlaşı, həyəcanı, çaşqınlığı görə bilirdim. Ən azından Aişəyə baxanda özünü güzgüyə baxmış kimi hiss edirdi. Və həmin qız- Aişə mənim əlimi tuturdu. Mən bu qarşıdurmanı ona görə etdim ki, görsün ki, o gözlər, saçlar, dodaqlar, baxışlar təkcə onda deyil. Tək deyil, əvəzolunmaz deyil. İlahəyə bəslədiyim bu nifrət, bəlkə də, ona olan sonsuz məhəbbətimdən irəli gəlirdi. Bu gün çox səsküylü keçdi. Dərsdən sonra Aişə ilə görüşüb evə getdim.

5 GÜN SONRA

Demək olar ki, artıq fakültədə hamı məndən danışırdı. Heç kim bu hadisəyə, bu cür oxşarlığa heç cür inana bilmirdi. Bu hadisədən sonra insanların- tanıdıqlarımın mənə olan münasibəti tamam dəyişmişdi. Onlar mənə tam fərqli biri olduğumu- dəyişildiyimi deyirdilər. Hətta bəziləri dəli kimi baxırdı. Deyirdilər ki, mən psixoloji xəstəyəm- şizofrenəm, psixozam, nə bilim nə zibiləm. Məndən hamı uzaqlaşırdı. Əslində onlar dəli idilər, mən yox.

Son zamanlar Aişə ilə daha da yaxın olmuşdum. Tez-tez görüşür, söhbətlər, zarafatlar edir, gəzib günümüzü xoş keçirirdik. Bəzən elə düşünürdüm ki, Aişə məni sevir. Sevir deyəndə ki, daha doğrusu mənə əməlli-başlı bağlanıb. Bizim oyunumuz hamıya yayıldıqdan bir müddət sonra artıq hamı bizim sevgili olduğumuzu qəbul elədi və bizim birlikdə olmağımız onlar üçün normal bir şey idi. Demək olar ki, artıq biz də oyunun bitdiyini hiss edirdik. Çünki razılaşmamız da bura qədər idi. Amma yenə birlikdə idik. Çünki Aişə mənə demişdi ki, inandırıcı olması üçün bir az da davam etdirək oyunu. Mən də razılaşmışdım. Və Aişənin bu hərəkəti də şübhələrimi çoxaldırdı.

Cümə axşamı idi. Nədənsə bu gün evdə tək idim. Tərslikdən işıqlar da sönmüşdü. Qaranlıq otaqda yatağımda uzanıb Şopenin «Nocturne» ifasını qoşdum. Telefonu elə nizamladım ki, ifa dəyişilməyəcəkdi. Eyni mahnı qalacaqdı. Düşüncələr yenə boğurdu məni. Suallar da həmçinin. Gözümü yumub öz-özümə danışırdım: «Əşşi, yəqin, Aişə İlahənin qohumudur. İlahə özü bunu planlaşdırıb- özü çıxarıb Aişəni qabağıma. Mənə yazığı gəldiyi üçün edib. Edib ki, mən pis olmayım. Bilirəm, o mənim qarşılıqsız sevgim ucbatından hansı günlərə düşdüyümü görüb pis olardı. Yəqin, bunu da özü eləyib ki, bir az xoşbəxt olam, təmkinlik, təskinlik tapam. Dayan eee…Axı mən bütün ehtimallara qarşı Aişəni daha yaxından tanımaq üçün onun şəxsiyyət vəsiqəsinə baxmışdım. Soyadı İlahəkindən fərqli idi. Qohum olmaları ehtimalı yox idi. Bəlkə, bunlar elə hamısı yuxuda baş verir. Aişənin qarşıma çıxması, ona bu təklifi etməyim, ən əsası mənim təklifimə razılıq verməsi, İlahə ilə rastlaşması, daha nələr, nələr, hamısı yuxudur. Axı mən hər şeyə rəğmən hələ də İlahəni sevirəm. Axı mən nə olursa olsun İlahəyə qarşı belə bir addım ata bilmərəm. O, buna layiq deyil axı…Əli, gic-gic danışma. Nə yuxu? Başın xarabdır sənin? Bu qədər yaşanılanların hamısı necə yuxu ola bilər axı? Bəlkə, Aişə elə İlahədir. Ya İlahə elə Aişədir. İkisi də eyni şəxslərdir. Hə? Kimdir axı bunlar? İkisi də niyə mənim qarşıma çıxır? Mən kimi sevirəm? İlahəni, Aişəni, ya heç birin? İlahəəəəə…Aişəəəəə…İlahəəəəə…Aişəəəəə…İlahəəəəə…Aişəəəəə…İlahiiiiiiiiiiiii…(bağırır).

Səhər açıldı. Tez dostuma zəng vurdum:

-Mənim üçün təşkil eləyə bilərsən zibildən?

-Neynirsən?

-Eləyə bilərsən, ya yox?

Dostumun yanından ayrılıb universitetə yollandım. Tam da gözlədiyim vəziyyət yarandı. Bıçağı çıxararaq düz Aişənin ürəyinə sancdım.

*****

Əli 20 yaşlı 4-cü kurs tələbəsidir. Və özü kimi tələbə olan İlahə adlı qızı sevirdi. Bir gün parkda tanış olduğu Aişə adlı qızdan İlahəyə qarşı istifadə etməyi qərara alır (Aişə xarici görünüşündə İlahəyə çox bənzəyirdi. Demək olar ki, eyni idi. Sanki əkizlərmiş kimi). Və ona bir təklif verir. Aişə də razılaşır. Qətl hadisəsindən bir gün əvvəl Əli qaldığı evdən qeyri-adi qışqırıq səsləri gəlirmiş (qonşuların dediyinə görə). Bıçağı aldığı dostu isə bildirir ki, həmin gün səhər ona zəng vuran Əli tamam başqa cür danışırdı. Əli bıçağı dostundan alır, universitetə yollanır və qarşısına İlahə çıxır. Onu bıçaqla qətlə yetirir. Lakin, öldürdüyünün Aişə olduğunu sanır. Əli Aişə ilə tanış olduqdan bir müddət sonra psixoloji sarsıntılar keçirirmiş. Dostlarının dediyinə görə, tamam dəyişilmiş, hamıdan uzaqlaşıbmış. Getdikcə bu sarsıntılar xəstəliyə çevrilir. Və Əli dəli olur. Aişə, demək olar ki, hər gün ruhi xəstəxanaya gəlib Əliyə baş çəkir. Əli isə elə bilir ki, onun yanına gələn İlahədir. Hər gələndə də ona deyir ki, Aişəni ona görə öldürüb. Əli hafizəsini tamam itirib. Heç kimi, heç nəyi xatırlamır. Valideynlərini belə tanımır. Aişədən başqa isə heç bir dostunu tanımır. Amma maraqlı bir nüans var. Aişə İlahənin anadan olduğu gün Əliyə baş çəkəndə bu hekayənin yazıldığı dəftərçəni Aişəyə hədiyyə kimi verir.

dƏLİnin dəftərçəsi: 4 комментария

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s