Köhnələrin Güzgüsü

Müdirimin mənə etdiyi yeganə yaxşılığı ad günümdə mənə kəfkirli saat hədiyyə etməsi idi. Asmışdım iş otağımda, hər görəndə «onu xatırlayım». Müdir də lap qəribə adamdır ee. Ad günündə insana niyə geriyə qalan günlərini sayan bir şey hədiyyə eləyəsən ki?! Yaşadığımız ömürdən hər bir saniyə geridə qaldıqca fikir məni aparır, qələmi də saniyənin ritmi ilə fırladırdım əlimdə. Fasilə vermədən. Birdən, elə bil, naməlum bir varlıq beynimə nəsə məlumat ötürdü. Qələmi fırlamağı saxladım. O məlumatı düşünməyə başladım: görəsən, evdən çıxanda qapını kilidləmişdim? Əslində hər dəfə özümə inamsızlıqdan qapını kilidləyib liftə yaxınlaşanda (lənət olsun ki, bütün həyatımız liftlərdə, metro qatarlarında keçir) geri qayıdıb yaxşı bağlayıb-bağlamadığımı yoxlayırdım. Və belə bu inamsızlıq qalırdı qapının ağzında. Amma bu gün işə gəlmişdi, deyəsən. Hər nə isə, bir xeyli düşündüm. Açıq olsa, lap belə oğru girsə nə götürə bilər ee evdən. Götürmək bir yana, çıxarıb koşelyokundan bir-iki manat pul da atar…Redaksiyada işləyirdim. Jurnalistikanı bitirmişdim. Bəli, bitirmişdim. Amma redaksiyada işləyirdim. İş yoldaşlarımla aram yaxşı deyildi. İşdən çıxa bilərdim. Elə bu dəqiqə. Amma nələrsə bağlayırdı məni bura. Bəlkə də, köhnələr. Az qalsın unudurdum: divardakı şəkil. İşdə çox zaman o şəklə baxıb nələrsə düşünürdüm. Hətta bəzən də öz-özümə pıçıldayırdım. İş yoldaşlarım da gözləri «bu, yəqin, dəlidir» deyərcəsinə mənə baxırdılar. Kafka, Metamorfoza. Görəsən, bir gün mənim də başıma gələ bilər? «Əşi yazını yaz» deyib gülümsündüm. Gözlər yenə üstümdə idi.
24 saatın ən yaxşı 2 vaxtından biri gəlmişdi. İşdən çıxma vaxtı (digəri içkili şəkildə özümü yatağa atdığım vaxt idi). Hər gün şirin konfet alıb evə qayıdan atanın üzərinə qaçan körpə kimi qaçırdım qapıya ki, açım, çıxım işdən. Bir də gördüm evdəyəm. Elə bil, zamanda səyahət eləmişdim. Yolda vərəqlər üçün xammal istehsal etdiyimdən işdən evə qədər yolun necə gəlib keçdiyini xatırlamıram (nəyi xatırlayıram ki). İçkili də deyildim. Hardasa 1 həftə idi içmirdim. Daxil oldum otağa. Köhnə iş yoldaşlarımdan biri məni çox istədiyindən kiçik, xudmani bir güzgü hədiyyə eləmişdi mənə. Necə yaxşı biri olduğumu onun vasitəsilə görüm deyə (mən də ona söz vermişdim ki, ömrümün sonuna kimi qoruyacam onu). Yaxşı biri ee, a kişi. Lap gülməlidir. Həyatım doludur da qəribə hədiyyələrlə.
Otağımdan çıxıb mətbəxdən külqabını götürüb yenidən geri qayıtdım. Qarasından fərqli olaraq, ağciyərimi sevirdim. Hərdən çəkirdim siqareti. Siqaretdən bir qullab alıb tüstünü ciyərlərimdən çölə buraxdım. Tüstü dağıldıqca otaqda elə bir şey baş verdi ki, Kafka’nın «Çevrilmə»si bunun yanında heç nə idi. Otaqda. Düz qarşımda. Yad deyilmiş kimi. Mənzilin neçə illik sakini kimi. Oturmuşdu qarşımda (yəqin, qapını açıq qoymuşmuşam)…Maraqlı saçları var idi. Maraqlı, bir az da tanış. Baxan kimi hiss olunurdu ki, saçları daraq üzünə həsrətdir. Alnı açıq idi. Qaşlarının üstündən yana tökülmüşdü. Birçəklərinin üstündə burulmuşdu saçları. Saçlarının səliqəsizliyi haqqında çox söz deyə bilərəm. Amma dayan. Gözləri. Baxmırdı, elə bil, sadəcə yerində dayanmışdı. Çuxur boş görsənməsin deyə. Gözləyirdi. Yəqin ki, qadını. İnanmasa da, gözləyirdi. Gözlər dilə gəlib «icazə ver, artıq gözləməyim, başqa görəcəyim şeylər var, məsələn həqiqətlər» deyirdi sanki. İnsanların alnına, üzünə qırış düşər. Tam fərqli. Köhnəlmişdi sanki. Biologiyadan oxuduqlarımdan insan orqanlarından şəhadət barmağını tanıyırdım. Barmağına düşmüşdü qırış. Yazmaqdan. Təsvir eləməkdən. Başa salmaqdan. Axırıncı dəfə universitetdə ikinci kursun ikinci semestrində bu vəziyyətdə idim. Cansız, ölüvay, çox arıq idim. Universitet illərini xatırladırdı mənə. Məndə səbəb içki idi. 1 manatlıq NZS pivəsi. Səbəblərimiz də oxşar idi. Yəqin, çox içirdi. Bir dəri idi, bir sümük. Bəlkə də, xoş günlərinini onun qayıdışına saxlayırdı…Çox eqoist idim. Özümə oxşayan birini görəndə əsəbləşirdim. Əsəbləşmək bir yana, yad biri mənim otağımda neyləyirdi?! Onu burdan rədd eləmək lazım idi. Kül qabını götürüb var gücümlə ona tərəf tulladım. Bir hərəkətimlə yoxa çıxdı.

Köhnələrin Güzgüsü: 6 комментариев

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s